Dayanıqlı İnkişaf Məqsədləri

Dayanıqlı İnkişaf Məqsədləri və Gənclər

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) nədir?

2015-ci ilin Sentyabr ayında BMT-nin bütün üzv ölkələrinin iştirakı ilə qəbul olunan DİM bəşəriyyətin 2030-cu ilə doğru inkişaf etməsi üçün olan qlobal 17 Məqsəddir. Bu məqsədlər 2030-cu ilə qədər dünyadakı yoxsulluğa son qoymaq, hər kəs üçün tərəqqini təmin etmək və planeti qorumaq üçün yaranmış 2030 gündəliyidir.

Bəs bu Məqsədləri BMT və onun üzvü olan 194 ölkə tərəfindən qəbul edilibsə, onda biznes dünyası, sadə vətəndaşlar, vətəndaş cəmiyyəti və ən əsasıda gənclər niyə bu məqsədlər haqda bilməli, bu məqsədlərə nail olmaqda iştirak etməli və məqsədlərə nail olmaq üçün fəaliyyət göstərməlidir?

Ümumiyyətlə DİM qəbul olunandan bugünə qədər ən çox eşitdiyim və razılaşmadığım ifadə “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri” ifadəsidir. Bu ifadə ilə razılaşmamağımın səbəbi ifadənin nümayiş etdirdiyi yanaşmadır. Yanaşma budur ki Dayanıqlı İnkişaf Məqsədləri BMT-nindir. Əslində isə bu Məqsədlər BMT-nin yox, bu dünyada yaşayan hər bir insanındır. DİM-in son məqsədi hər kəs üçün tərəqqi təmin etməkdirsə deməli bu məqsədlər hər bir inidividualın, hər bir Məsuliyyətli Vətəndaşındır. Bu məqsədlər haqqında bilmək və onların nailiyyəti üçün çalışmaq daha yaxşı dünya, daha yaxşı ölkə üçün çalışmaq deməkdir.

Dayanıqlı İnkişaf Məqsədləri

DİM– ə, dolayısı ilə daha yaxşı dünya və daha yaxşı Azərbaycana nail olmaqda isə ən böyük rol Gənclərindir. Bugün 20 yaşında olan bir gənc 2030-cu ildə 33 yaşında olacaq, bugün tələbə kimi universitet və məktəb binalarında bilik alan bir gənc 2030-cu ildə şirkət rəhbəri, diplomat, siyasətçi və cəmiyyət üçün önəmli qərarlar verən bir insan olacaq. Dünyanın turizm, nəqliyyat, kommunikasiya, texnologiya və bir çox sektorunda inqilabi dəyişikliklər edənlərin əksəriyyəti gənclərdir. “Uber”, “Facebook”, “Airbnb”, “Apple”, “Snapchat” kimi bir sıra şirkətlərin yaradıcıları və rəhbərləri gənclərdir. Məsəlçün Snapchat kimi tanınan “Snap Inc.” şirkətinin rəhbəri 26 yaşındadır.

Daha yaxşı dünya, daha yaxşı ölkə üçün çalışmaq isə hər birimizin mənəvi borcudur. Başqalarının inkişafına töhvə vermək, cəmiyyət üçün faydalı işlər görmək, yaşadığınız yerin problemləri haqda bilib, onların həlli üçün gündəlik işlər görmək məsuliyyətli vətəndaş olmaq deməkdir. İki seçimimiz var:
-hər gün nəsə haqqında deyinə və şikayətlənə bilərik;
-hər gün daha yaxşı üçün çalışa bilərik. İngilis dilində yaxşı bir deyim var:

“A journey of a thousand miles starts with a single step.”

Hərfi tərcüməsini kənara qoysaq o belə bir məna verir ki, uzun bir yol qət etmək kiçik bir addımla başlayır. Dünyanı dəyişən ixtiralar kiçik bir söhbətdən, hansısa kitabdan, hansısa müşahidədən başlayıb. Dünyanı dəyişmək sözündən qorxmayın. Ən əsası özünü dəyikməkdir.

Bəs bir gənc Dayanıqlı İnkişaf Məqsədləri haqqında nə edə bilər?

Dayanıqlı İnkişaf Məqsədləri Y4GG Youth 4 Global Goals Youth for global Goals

İlk öncə məlumatlanmaq lazımdır. Bu Məqsədlər haqqında oxuyub, hər bir Məqsədin Hədəfləri ilə tanış olmaq lazımdır (Məsələn, Məqsəd-4: “Keyfiyyətli Təhsil”dir və 4.1 , 4.2 , və sairdə Keyfiyyətli Təhsili təmin etmək üçün qarşıya qoyulan hədəflərdir). Bu haqda məlumatlandıqdan sonra birbaşa fəaliyyətə başlaya bilərsiniz. Dünyada və Azərbaycanda DİM çərçivəsində işləyən təşkilatlat, şirkətlər, media qrumları var. Dünyada AIESEC, Enactus, JCI, World Merit, UN Volunteers və sair kimi bir neçə təşkilatlar, Azərbaycanda isə AIESEC və Gənclər Təşkilatlarının Milli Şurasında (Azərbaycanda DİM-üzrə fəaliyyət göstərdiyini bildiyim yeganə gənclər təşkilatları bunlardır) sosial layihələrdə, könüllü proqramlarında fəaliyyət göstərə bilər və DİM-ə nail olunmasına öz töhvənizi verə bilərsiniz. “SDGs in Action” adında mobil aplikasiyanı telefonunuza yükləyib həm məlumatlana həmdə bu haqda müxtəlif xəbərləri izləyə bilərsiniz. Özünüz hansısa layihəyə, təşkilata və ya kreativliyinizdən asılı olaraq istənilən bir fəaliyyətə başlaya bilərsiniz. Əsas istək olsun, tənbəllik olmasın 🙂

Müəllif: Pənah Abbasov